Ermənistan Ordusunun 11 Min Fərarisi Ətrafında Qalmaqal| Anna Hakobyanın Bunkerdə Olması Mümkün İdimi?

2026/04/1775134559.jpg
Oxunub: 510     16:23     03 Aprel 2026    
44 günlük müharibə zamanı Anna Hakobyanın (Paşinyanın keçmiş arvadı-red.) hansı rol oynadığı, hansı “operativ-kəşfiyyat” məsələlərini həll etdiyi və hansı informasiya bazasına malik olduğu ilə bağlı suallar yenidən müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Anna Hakobyan 44 günlük müharibədə hansı rol oynadı, hansı “operativ-kəşfiyyat” məsələlərini həll etdi, hansı informasiya bazasına malikdir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, “Güclü Ermənistan” partiyasının təhlükəsizlik komandasının rəhbəri, erməni polkovnik-kəşfiyyatçı Artur Avanesyan (Kandaz) martın 31-də Anna Hakobyanın 2023-cü il aprelin 1-də Tavuş səfəri zamanı verdiyi bəyanatı xatırladıb. Həmin bəyanatda o, 44 günlük müharibə zamanı 11 min fərari olduğunu bildirmişdi.

“Hakobyan demişdi: “Reallıq ondan ibarətdir ki, 44 günlük müharibə zamanı 11 min fərari olub, başqa cür ifadə etmirəm, siz anlayın söhbət nədən gedir. 11 min hərbçi, könüllü, zabit və s., təsəvvür edirsiniz, bu nə qədər böyük rəqəmdir”.

Artur Avanesyan isə vurğulayıb: “Bizim əsgərlər fərari deyildi, onlar şir kimi döyüşürdülər, sizin həyat yoldaşınız isə əsgərlərimizi silahsız, müdafiəsiz qoydu”.

Anna Hakobyan bu xatırlatmaya cavab verərək sosial şəbəkədə yazıb: “Bu şəxsi 44 günlük müharibə zamanı xatırlamıram. Mütləq diqqətimi çəkərdi və təbii ki, yadda qalardı, çətin ki, unudardım. Onun müharibə barədə məlumatlılıq səviyyəsi ilə ölkədaxili cəmi bir aylıq sensasion xəbər barədə məlumatlılıq səviyyəsi düz mütənasibdir. Aydındır ki, hər ikisindən xəbəri yoxdur”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, məsələ ilə bağlı bir sıra suallar da ortaya çıxır.

“Məsələn, niyə Artur Avanesyan mütləq Anna Hakobyanın diqqətini çəkməli idi, ümumiyyətlə, o, müharibə zamanı harada olub və Hakobyan onu harada görə bilərdi? Eyni zamanda, bütün iştirakçıları və komandanlığı görmək mümkün idimi?

Digər tərəfdən, sual yaranır ki, Anna Hakobyan hərbi rəhbər vəzifəsi tuturdumu və həmin dövrdə ölkə rəhbərinin həyat yoldaşı olmaq ona komanda məntəqəsində olmaq, məxfi məlumatlara və əməliyyatlara çıxış əldə etmək imkanı verirdimi? Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə, “rəhbər sənədlərə əsasən, komanda məntəqələrində funksional vəzifələr yerinə yetirən şəxslərin daxil olması üçün daimi və ya müvəqqəti icazələr verilir”.


Bu baxımdan sual olunur ki, Hakobyanın həmin dövrdəki statusu bu tələblərə uyğun idimi və onun bunkerdə olub döyüş əməliyyatlarını izləmək hüququ vardımı? Daha əvvəl “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş müdafiə naziri və təhlükəsizlik şurasının sabiq katibi” Samvel Babayan belə bir ehtimaldan danışmışdı.

Bundan əlavə, belə icazəni kimin verdiyi də sual altındadır: Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə ordusunun komandanı, yoxsa həmin dövrdəki “Qarabağ rəhbəri” Arayik Harutyunyan?”, - deyə məqalədə qeyd edilib.

Nəşrə görə, müharibə günlərində Anna Hakobyan mühüm müzakirələr aparıb.

“Bu isə Bakının ilk dəfə Ermənistanı Gəncənin mülki əhalisini hədəfə almaqda (faktlaşdırılıb-red.) ittiham etdiyi dövrlə üst-üstə düşür. 44 günlük müharibə ilə bağlı Hakobyanın rolu ətrafında başqa suallar da mövcuddur və bu mövzuya dəfələrlə toxunulub. O cümlədən, niyə o, istintaq komissiyasına çağırılmayıb və konkret işlər üzrə dindirilməyib.

Əgər hakimiyyət dairələrinin və ya Hakobyanın Artur Avanesyanla bağlı şübhələri var idisə, niyə bu barədə əvvəllər danışılmayıb? Müharibə zamanı fərarilik halları olub, lakin onların sayı, müntəzəm ordudan, yoxsa ehtiyat qüvvələrdən və könüllülərdən olması, eləcə də səbəbləri dəqiq məlum deyil”, - deyə müəllif yazıb.

KİV vurğulayıb ki, Anna Hakobyanın böyük informasiya bazasına malik olduğu ehtimal edilir və belə məlumatların tam şəkildə aidiyyəti qurumlara təqdim olunub-olunmaması da sual doğurur.

“Bununla bağlı Ermənistan İstintaq Komitəsinə, Baş Prokurorluğa və Müdafiə Nazirliyinə sorğular göndərilib və cavablar əldə olunduqdan sonra dərc ediləcək.

Daha əvvəl verilmiş rəsmi məlumatlara görə, 2020-ci il 44 günlük müharibə zamanı hərbi xidmətə qarşı cinayətlər üzrə 11 mindən çox hərbçi ilə bağlı təxminən 1500 cinayət işi başlanıb. Baş Prokurorluq isə bildirib ki, 8240 nəfərlə bağlı istintaq aparılıb, 352 nəfər barəsində isə ittiham hökmü çıxarılıb.

Bununla yanaşı, Müdafiə Nazirliyi fərarilərin 11 min nəfər olması ilə bağlı suala cavab verməkdən imtina edib və bunun onların səlahiyyətlərinə aid olmadığını bildirib.

Bütün bu suallara cavab tapmaq üçün 44 günlük müharibə üzrə istintaq komissiyasının hesabatı açıqlanmalıdır. Bu halda məlum olacaq ki, məğlubiyyətin səbəbləri nələr olub, hərbi və siyasi rəhbərliyin məsuliyyəti necə bölüşdürülür.

Məğlubiyyətdə müasir silah çatışmazlığı, mövcud silahların düzgün istifadə olunmaması, komandanlıq qərarları, idarəetmə sistemi və digər amillərin rolu ayrıca araşdırılmalıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin